воскресенье, 4 ноября 2012 г.


ZAMANIN İÇİNDƏN  DÜNYANIN ANLAYIŞI.  
Dünya bir boşluqdadır, biz isə bu boşluqda boş yaşayan insanlarıq. Dünya fanidir, biz isə əbədi xəyallar quran acizlərik. Dünya kəmiyyətsizdir, biz isə Allahın əmanət verdiyi bədənimizi dahil satmağı bacaran insanlarıq. Dünya gözəlliklərlə quruldu, biz isə, hər gözəllikdə xərabələr icra edən insanlarıq. Dünya nemətlərin əkildiyi məkandır, biz isə nemətlərə haram qataraq varlanan insanlarıq. Dünya məqsədsizdir, biz isə bir bardaq suyu təmənnasız verməyi bacarmayan insanlarıq. Dünya nazəninlərlə doludur, biz isə onları yalnız anamız, bacımız olursa, namus sayan insanlarıq. Dünya yaşamaq deyilən geniş məntiqdir, biz isə məntiqi şüuraltı istəklərimizdə axtaran insanlarıq. Susun, diqqətlə ətrafdakıları deyil, ətrafı dinləyin. Ürək ritmlərini, yarpaqların xışıltısını, gecənin hənirtili həzin sədasını, sükuta hakim kəsilmiş varlığınızın yaşamaq üçün məhz tənhalığınızdan asılı olan çağırışını eşidəcəksiniz. Zamanla havalandığınızı düşünəcəksiniz. Hətta, hürkəcəksiniz. Amma düşünün, həyata gələrkən və həyatdan gedərkən də bu tənha səssizliydə bulunuruq. Axı, insanlar dünyaya sonrakı ömür yollarında kəşf etdikləri subyektlərlə cüt gəlmirlər. Onları zamanla, imkan daxilində, zərurətlər əsasında tapırıq. Demək, biz hisslər toplumundan ibarət insanlar həmişə olduğu kimi buna da, mənəvi don geyindirib, həyatımıza təqdim edirik. Bilərək əvvəl özümüzü, sonra isə ətrafımızdakıları aldadırıq. Bu yalançı ssenaridən cüzi kənara çıxdıqda üzülür, göz yaşı tökürük, qorxuruq. Çünki, yazdığımız və oynadığımız yalanlarla, aldanışlarla qismən xoşbəxtik. Reallıq isə təxəyyülümüzün məhsuluna çevrilir ki, onu qaranlıqda gizlədirik. O reallıq ki, həmişə insanları qorxudur, narahat edir. Reallıq ağlı-qaralı sadəlikdir. Lakin, biz yazılmamış qanunlardan çıxış edərək, anlaşılmaz rəngarəngliyi oyuna daxil edirik. Qeyri-normal görünən bu yaşam tərzi bilərəkdən, şüurlu törədilən cinayət kimi dəhşətli və qəribədir. Məhz bu səbəbdən ömrümüzün sonuna kimi hisslərimizə və mənliyimizə borclu qalırıq. “Həyatdır, hər nə olur.”-deyib, kifayətlənirik. Habuki, dünya o qədər boş və fanidir ki, gözlərimizi qapadaraq, düşündükdə belə bunu hiss etmək çətin deyil. Amma yenidən balaca gözlərimizin çərçivəsindən dünyaya baxdıqda, onu böyük və sonsuz görürük. Hərçəndi, bu gözlər həmişə doğru görüləni deyil, görmək istədiyini görür. Ömrümüz boyu ideallaşdırdığımız insanları, əşyaları, həyatları da belə şişirdilmiş görürük və həqiqətə borclu qalırıq.